ELAZ.İNFO

Onlayn xəbər portalı

Peşəkarlıq isə təkcə qanun və qaydaları bilməkdən ibarət deyil

ELAZ.İNFO, BAKI, 30.05.2025.

Cəzaçəkmə müəssisələri yalnız azadlıqdan məhrum etmə yeri deyil, eyni zamanda insanın yenidən cəmiyyətə qazandırılması, islah olunaraq sosial həyata adaptasiyası üçün bir məktəbdir. Bu baxımdan penitensiar sistemin əsas istiqamətlərindən biri də tərbiyə işinin düzgün və məqsədyönlü təşkilidir. Məhkumların davranışlarında müsbət dəyişikliklərə nail olmaq, onların mənəvi-əxlaqi dəyərlərini gücləndirmək, cəmiyyətə yararlı fərdlər kimi yetişdirilməsi məhz tərbiyə işinin düzgün qurulmasından keçir.

Tərbiyə işi sadəcə formal söhbətlər və tədbirlərlə məhdudlaşmamalıdır. Bu fəaliyyət dərin psixoloji yanaşma, pedaqoji bilik, təşkilatçılıq qabiliyyəti və şəxsiyyətə nüfuz edə biləcək ünsiyyət bacarığı tələb edir. Məhkumun daxili dünyasına yol tapmaq, onu dinləmək, anlamaq və tədricən islah yoluna istiqamətləndirmək olduqca incə və məsuliyyətli bir prosesdir. Bu prosesin uğuru isə ilk növbədə bu sahədə çalışan əməkdaşların şəxsi keyfiyyətlərindən, peşəkarlığından və prinsipiallığından asılıdır.

Məhkumların asudə vaxtının səmərəli təşkili də tərbiyə işinin mühüm komponentlərindəndir. Boş və məqsədsiz keçən vaxt nəinki insanın islahına xidmət etmir, əksinə, neqativ vərdişlərin dərinləşməsinə, aqressiv davranışların artmasına səbəb ola bilər. Ona görə də asudə vaxtın dolğun və məqsədyönlü təşkili – kitabxana saatları, intellektual oyunlar, peşə kursları, idman yarışları, müsabiqələr və mədəni-kütləvi tədbirlər məhkumların sosiallaşmasında və müsbət davranış nümunələrinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Mədəni tədbirlər vasitəsilə məhkumlarda estetik zövq formalaşır, onların dünyagörüşü genişlənir, yaradıcı potensialı üzə çıxır. Bu isə onların psixoloji sabitliyinə, davranışlarının normallaşmasına müsbət təsir göstərir. Musiqi, poeziya, teatr və digər sənət növləri məhkumun daxilindəki insanlıq toxumunu oyatmağa, peşmanlıq hissini dərinləşdirməyə və gələcək üçün düzgün seçimlər etməsinə zəmin yaradır.

Tərbiyə işində ən önəmli faktor insanla canlı və səmimi münasibətin qurulmasıdır. Məhkum əməkdaşı özünə yaxın hiss etmədikcə, ona güvənmədikcə, nəinki dəyişmək istəyi yaranmayacaq, əksinə müqavimət göstərəcək. Bu baxımdan hər bir tərbiyə işçisi, əməkdaş sadəcə vəzifə borcunu yerinə yetirən deyil, eyni zamanda bir psixoloq, bir müəllim, bir ailə üzvü qədər yaxın, anlayışlı və sabit xarakterli olmalıdır.

Bu sahədə rəhbər vəzifəyə təyin edilən şəxslərin isə həm nəzəri hazırlığı, həm praktiki təcrübəsi, həm də insanlarla işləmə bacarığı yüksək olmalıdır. Təşkilatçılıq qabiliyyəti olmayan rəhbər tərbiyə işini yalnız kağız üzərində planlaşdırar, amma real nəticə əldə edə bilməz. Halbuki hər bir tədbir, hər bir fəaliyyət arxasında dərin düşüncə, məqsəd və planlı yanaşma dayanmalıdır. Uğurlu rəhbər komandaya ruh verə bilməli, onları bu missiyanın əhəmiyyətinə inandıra bilməlidir.

Peşəkarlıq isə təkcə qanun və qaydaları bilməkdən ibarət deyil. Həqiqi peşəkar insan faktorunu daim ön planda saxlayaraq, hər bir məhkumun dəyişə biləcəyinə inanmalıdır. Əks halda tərbiyə işi formal xarakter daşıyacaq və gözlənilən müsbət nəticəni verməyəcək.

Sonda qeyd etmək lazımdır ki, penitensiar müəssisədə tərbiyə işi sadəcə məcburi tədbir deyil, insani dəyərə çevrilməli, hər bir əməkdaş üçün vicdani məsuliyyət olmalıdır. Bu vəzifəni yerinə yetirən şəxslər həm qanunun, həm də insanlığın təmsilçiləridir. Onların əməyi sayəsində bir çox insan yanlış yoldan dönə, yeni həyata başlaya və gələcək nəsillər üçün daha sağlam bir cəmiyyətin təməli qoyula bilər.

Əli İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights