Saxta diplomla vəzifə sahibi olmaq – bu, cəmiyyətin mənəvi sütunlarını sarsıdan, ədalət hissini zəiflədən və dövlət institutlarına inamı sarsıdan ən təhlükəli hallardan biridir. Belə şəxslərin bu gün müxtəlif idarəetmə sahələrində “rəhbər” adı ilə əyləşməsi sadəcə bir fərdin deyil, bütöv sistemin xəstəliyindən xəbər verir. Bu şəxslər tələbəlik dövründə harada olublar?
Həqiqətən də sual doğurur ki, belə adamlar imtahanlarda iştirak ediblərmi, dərslərə qatılıblarmı, yoxsa zamanında kiminsə “himayəsi” ilə fənnlərdən qiymət alıb, diplom qazanıblar?
Təəssüf ki, bu gün diplomları saxta yolla əldə edənlər, onları qoruyan və vəzifəyə irəli çəkən şəxslərlə birlikdə əslində dövlətin hüquqi sisteminə, təhsilinə və insan resurslarına ciddi zərbə vururlar. Onların diplom işi barəsində bircə cümlə belə demək imkanları yoxdur. Çünki həmin diplom işlərini ya kiməsə yazdırıblar, ya da köçürüblər. Onların “məhsulu” olan yazılarda nə məntiq var, nə orijinallıq, nə də hüquqi əsas. Əgər həmin diplom işləri həqiqətən yoxlanılsa, üzə çıxacaq ki, müəllif deyilən şəxs o işlə heç tanış da olmayıb. Sadəcə bir vasitə ilə, çox vaxt isə rüşvətlə, yaltaqlıqla bu “sənəd”i əldə edib.
Bütün bunlar təsadüfi deyil. Bu şəxslər bilir ki, arxalarında onları qoruyanlar var. Onlar güman edirlər ki, bu vəzifələr onların şəxsi mülküdür, bu dövlətin qanunları isə sadəcə formal bir kağız toplusudur. Halbuki Azərbaycan Respublikasının Cinayət Məcəlləsi onların hərəkətlərini tam şəkildə cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər normativ baza təqdim edir. Məsələn:
Maddə 178.3.2 – etibardan sui-istifadə və ya aldadaraq, vəzifə statusu əldə etmək məqsədilə dələduzluq törətmək. Saxta diplomla vəzifə tutmaq və bununla əməkhaqqı, səlahiyyət, sosial status qazanmaq məhz bu maddəyə tam uyğun gəlir.
Maddə 308.1 – vəzifə səlahiyyətlərindən sui-istifadə. Belə şəxslərin vəzifəyə təyin olunmasında iştirak edən rəhbər şəxslər, vəzifə səlahiyyətlərini aşaraq və ya onlardan sui-istifadə edərək dövlət maraqlarına və hüquqi prinsiplərə ciddi ziyan vururlar.
Maddə 320.1 – rəsmi sənədlərin, möhürlərin, ştampların və blankların saxtalaşdırılması. Saxta diplom məhz belə sənədlərdən biridir və onun dövriyyəyə buraxılması bu maddə ilə cəzalandırılır.
Burada təkcə saxta diplomu əldə edən deyil, eyni zamanda bu saxtakarlığın yaranmasında iştirak edən şəxslər məsuliyyət daşıyır. Əgər bir dövlət qurumunda belə bir şəxs çalışırsa, bu artıq həmin qurumun nüfuzuna zərbədir. Bu həm də vicdanla təhsil almış, gecə-gündüz oxuyaraq diplom qazanmış minlərlə əməkdaşın haqqına girilməsidir.
Cəmiyyət haqlı olaraq sual edir: bu qanunsuzluq nə vaxta kimi davam edəcək? Əgər belə hallar müntəzəm olaraq ifşa olunmur və cəzasız qalırsa, bu o deməkdir ki, bəzi dairələr bu saxtakarlığın üzərinə bilərəkdən göz yumur. Bu cəzasızlıq isə yeni saxta diplom sahiblərinin yaranmasına şərait yaradır.
Ədalət gecikə bilər, lakin unudulmamalıdır ki, nə saxta diplom sahibləri, nə də onlara himayədarlıq edənlər əbədi olaraq mövqelərində qala bilməzlər. Tarix göstərib ki, belə sistemlər sonda dağılır, belə şəxslər isə nəinki cəmiyyətdən təcrid olunur, həm də qanun qarşısında cavab verməyə məcbur qalırlar.
Bu gün vicdanlı, əsl savadla diplom almış və haqqı tapdanan insanlar üçün mübarizə aparmağın zamanıdır. Dövlət orqanları, xüsusən hüquq-mühafizə və prokurorluq orqanları belə halların üzərinə prinsipiallıqla getməli, saxta diplomlu şəxsləri və onlara havadarlıq edənləri aşkarlayaraq məsuliyyətə cəlb etməlidir. Əgər hüquqi dövlətik deyiriksə, qanunun aliliyi hər kəsə şamil olunmalıdır – kimliyindən, vəzifəsindən asılı olmayaraq.
Əli İBRAHİMOV
Leave a Reply