“Firuzə” sözünün çox maraqlı tarixçəsi var. Firuzə fars dilində “piruze” sözündən yaranıb. “Piruze” “qalib gələn” deməkdir. Bizdə olan Piruz (Firuz) adı Qalib adının analoqudur.
Bəs niyə qiymətli daşa piruze adı qoyulmuşdu?
Məsələ burasındadır ki, firuzə daşının belə bir xassəsi var: zəhərli maddələrlə təmasdan onun rəngi bulanır. Bu xassəsinə görə bütün İran şahları barmaqlarında firuzə qaşlı üzük gəzdirərdilər. Yeməyi yeməzdən əvvəl onu həmin üzüklə yoxlayardılar. Ona görə də bu daşa “qalib gələn” (zəhərə, ölümə) adı verilmişdi. Hətta bəzi qədim və erkən orta əsrlər dövlətlərinin bayraqlarında firuzə qaşlı üzük təsviri var (qaliblik simvolu kimi).
Ərəblər bu daşı İrandan alırdılar. Lakin ərəb dilində “p” səsi olmadığından, onu “f” kimi tələffüz ediblər. Beləcə firuzə sözü yaranıb. Biz də bu sözü ərəblərdən almışıq. Bəzi Avropa xalqları ərəblərdən aldıqları bu sözü “biryuza” kimi tələffüz edirlər.
Asif ŞƏFƏQQƏTOV
Leave a Reply