İrad 6. Son illərdə Bakı şəhərindən çıxan magistral yolların kənarlarında 2-3 metr hündürlükdə daş hasarların çəkilməsi dəb düşüb. Görünür bu “tədbirlər” rayon icra başçılarının, yaxud da Bakı şəhər icra hakimiyyətinin sərəncamı ilə həyata keçirilirlər. Belə üzdəniraq “tədbirlər” və tikililər daş hasarlar arxasında qalan təbiətin gözəlliklərini gizlədir və yol boyu hiss ediləcək dərəcədə sıxıntı yaradırlar. Misal üçün, Bakı-Ələt yolunda Qaradağ rayonu ərazisində hörülmüş daş hasarlar Xəzərin gözəlliyini görməyə mane olur və magistral yolla gedən sərnişinlərdə narazılıq yaradır.
Təklif: Təklif edirəm ki, əgər bu hasarlar doğrudan da vacibdirlərsə, onları dəmir barmaqlıqlarla əvəz etsinlər ki, həm daxildəki obyektlər qorunsun, həm də təbiətin gözəlliyini müşahidə etmək imkanı saxlanılsın. Heç bir şübhəm yoxdur ki, bu daş hasarlar bir müddət sonra mütləq söküləcəkdir. Bəs onda nə üçün artıq vəsaitlər və xərclər havaya sovrulsun?! Məhz buna görə də, hesab edirəm ki, magistral yolların ətrafında hündür daş hasarların çəkilməsi həm iqtisadi, həm də ekoloji və mənəvi cəhətdən düzgün deyildir.
Ağasəf İMRAN
İqtisadçı alim