ELAZ.İNFO

Onlayn xəbər portalı

Bu insanlar qorunmalı, yüksəldilməli, nümunə göstərilməlidir

Ədalətli və vicdanlı, həmçinin savadlı əməkdaşların yola verilməsi, lakin dəyərləndirilməməsi bugünkü idarəçilikdə ciddi bir problemdir. İndiki rəhbərliyin bu cür insanlara qarşı laqeyd münasibət göstərməsi bir neçə əsas səbəblə izah oluna bilər.

Əvvəla, savadlı və əqidəli əməkdaşlar düşünən, analiz edən, qanun və vicdanla işləyən şəxslərdir. Onlar yaltaqlıq etməz, haqsızlığa susmaz, rəhbərin səhvini görüb susmaq yerinə, onu düzəltməyə çalışarlar. Məhz bu xüsusiyyətlər bəzi rəhbərləri narahat edir. Çünki belə insanlar idarəetmədə qeyri-peşəkarlığı, şəxsi maraqların qoyulmasını və qanunsuzluqları qəbul etmirlər. Onların varlığı qeyri-peşəkar rəhbərlərin bacarıqsızlığını üzə çıxarır.

İkincisi, savadlı və prinsipial əməkdaşlar kollektivə nümunə olur, nüfuz qazanır. Rəhbərlik isə bəzi hallarda kollektivin diqqətinin və hörmətinin özlərindən başqa birinə yönəlməsini qəbul edə bilmir. Bu isə paxıllıq, eqoizm və idarəetmədə zəif xarakterin nəticəsidir.

Üçüncüsü, bəzi rəhbərlər üçün əsas meyar şəxsi sədaqətdir, peşəkarlıq yox. Onlar tənqidə dözümsüzdür, onlara yalnız “bəli, rəis!” deyən, itaətkar kadrlar lazımdır. Bu, müasir idarəçiliyin və dövlət qurumlarının inkişafına ciddi maneə yaradır. Çünki düşünən və müstəqil fikrə sahib olan kadrlar yoxdursa, orada nə inkişaf, nə də ədalət olar.

Savadlı, əqidəli əməkdaşlar yola verilə bilər, lakin onların susqunluğa məcbur edilməsi vəzifəsindən soyudulması həm həmin insanlara, həm də dövlətə ziyandır. Bu insanlar qorunmalı, yüksəldilməli, nümunə kimi göstərilməlidirlər. Əks təqdirdə, idarəetmə sistemi yaltaqların, bacarıqsızların əlinə keçəcək və bu da cəmiyyətin çöküşünə gətirib çıxaracaq.

Sonda qeyd edim ki, rəhbər olmaq təkcə vəzifə sahibi olmaq deyil, ədalətli qərar vermək, bacarıqlı insanları irəli çəkmək və cəmiyyətə fayda vermək məsuliyyəti daşımaqdır. Əgər bir rəhbər savadlı və əqidəli əməkdaşı yola verirsə, onun özü gedəsi adamdır.

Əli İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights