ELAZ.İNFO

Onlayn xəbər portalı

Payızda ABŞ texniki defolt elan etməyə məcbur olacaq

ELAZ.İNFO, BAKI, 30.05.2025.

1970-ci illərin əvvəllərindən etibarən ABŞ-ın xarici ticarət dövriyyəsində idxal məbləği ixracdan böyük olub. Bəs çatışmayan məbləğ haradan götürülürdü? Çatışmayan məbləğin 2 əsas mənbəyi var:

1) əlavə dollar çap etmək – bu halda dolların inflaysiyası baş verir;

2) başqa ölkələrdən borc götürmək – bunda xarici dövlətlər də maraqlıdırlar, çünki artıq dollar kütləsindən səmərəli şəkildə azad olurlar.

Bəs ABŞ xarici borcu necə götürür?

Bunun üçün ABŞ 5, 10, 20 və 30 illik dövlət istiqrazları (trejeris) buraxır. Trejerisləri istənilən dövlət və ya şirkət ala bilər. Onları, bir qayda olaraq, dövlətlərin mərkəzi bankları, kommersiya bankları, pensiya fondları, hec fondları və s. iri maliyyə qurumları alırlar. Məqsəd valyuta ehtiyatını kurs fərqlərindən sığortalamaqdır. ABŞ trejerislərinə dövlət təminatı olduğundan və ABŞ-ın müflis olacağına heç kəsin inanmadığından trejerislər ən etibarlı yatırım sayılırdılar.

Yatırımın riski nə qədər azdırsa, onun gəlir faizi də bir o qədər aşağı olar. Trejerislər, adətən, 1-2% gəlir öhdəliyi ilə satılırdılar. Gəlir faizi az olsa da, demək olar, risksiz olan trejerislər çox yaxşı satılırdılar. Məsələn, bu ilin əvvəlinə trejeris ehtiyatına görə 1-ci yerdə olan ölkə Yaponiya ($1 trilyondan çox), 2-ci yerdə Çin ($800+ milyard) idi.

Trejerisin gəlir faizinin aşağı olması ABŞ-a çox sərf edirdi – çünki borcları sürətlə artmırdı, borc götürülmüş dolları istənilən sahəyə qoymaqla daha böyük mənfəət əldə etmək və borcu qaytarmaq olardı.

Beləliklə, əgər trejerisin gəlirlilik faizi artırsa, bu o deməkdir ki, ona tələbat azalır. Trjerin gəlirlilik faizinin artması həmdə ABŞ-ı pis vəziyyətə qoyur, çünki bu halda borcları qaytarmaq çətinləşir, hətta mümkünsüzləşir. Borcları qaytarmaq çətinləşirsə – trejerisin riski artır; risk artırsa – trejerisin gəlirlilik faizi artır.

22 mayda ABŞ Maliyyə Nazirliyi birjaya ümumi məbləği $16 milyard olan 10, 20 və 30 illik trejerislər çıxartdı. Məlum oldu ki, onlara tələbat çox aşağıdır. Nazirlik 30 illik trejerisləri 5,071%, 20 illik trejerisləri 5,103% gəlirliklə sata bildi. Trejerislərin böyük hissəsini FRS almalı oldu. Bu isə nə deməkdir? Bu o deməkdir ki, FRS trejerislərin pulunu ödəmək üçün milyardlarla dollar çap etməlidir. Yəni yeni ümumdünya inflyasiya dalğası artıq yola düşüb.

Trejerislərin alınmaması ABŞ-ın düşdüyü iqtisadi böhranın simptomudur. Artıq bütün reytinq şirkətləri ABŞ-ın bir dövlət kimi investisiya reytinqini aşağı endiriblər. Çox ölkələr trejerislərdən azad olmağa çalışırlar. Bu il ən çox trejeris satan ölkə Yaponiya və Çin olub. Çin artıq ən çox trejerisi olan ölkələr reytinqində 3-cü pilləyə düşüb. S.Ərəbistanı da trejerislərdən azad olur. Aİ ABŞ-la tarif müharibəsinə görə yeni trejeris almır. BRIC+ ölkələri milli valyutada qarşılıqlı ticarətə üstünlük verirlər. Çinin yuanla ticarəti həcmi artıq dollarla ticarət həcmini üstələyib.

Vəziyyət indiki sürətlə gedərsə, payızda ABŞ texniki defolt elan etməyə məcbur olacaq. Dollar toksik valyutaya çevrilir.

Asif ŞƏFƏQQƏTOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights