ELAZ.İNFO

Onlayn xəbər portalı

İnformasiya ən güclü kütləvi manipulyasiya silahıdır

Eşitdiyiniz hər dəhşətli xəbərə dərhal inanmayın. Müasir zamanda informasiya ən güclü kütləvi manipulyasiya silahıdır.

Yaxın keçmişdə baş vermiş bir ibrətəmaz hadisəni xatırladıram.

1990-cı ilin 2 avqustunda İraq qoşunları 1 gün ərzində Küveyti işğal etdilər. Yeri gəlmişkən, işğaldan əvvəl İraq prezidenti Səddam Hüseyn ölkəsindəki ABŞ səfirini çağırıb Küveytə qoşun yeridəcəyi və bunu hansı səbəblərdən edəcəyi barədə məlumat vermişdi. ABŞ səfiri Səddama heç nə deməmiş, bir neçə gün ərzində ABŞ hökuməti də nə açıq, nə də qapalı şəkildə məsələyə münasibətini bildirməmişdi. Səddam ABŞ-ın susmasını razılıq kimi qarşılayaraq, bu avantüraya getmişdi…

Küveytin işğalı ilə bağlı məsələ BMT-nin müzakirəsinə çıxarıldı. Müzakirələr zamanı bir qız tribunaya çıxaraq, bildirdi ki, o, Küveytdən olan adi bir tibb bacısıdır və işğalçı İraq əsgərlərinin vəhşilikləri onun gözləri qarşısında baş verib. O gözü yaşlı halda dedi ki, əsgərlər doğum evinə soxularaq, 300 körpəni inkubatorlardan çıxarıb atdılar, inkubatorları isə apardılar.

Bu əhvalat hamını – əvvəl BMT-nin iclas iştirakçılarını, sonra isə mətbuat vasitəsilə bütün dünyanı şoka saldı. Yalnız ABŞ-da bu xəbəri 700-dən çox telekanal yaydı, bir sutka ərzində yalnız ABŞ-da 50 milyondan çox adam bu dəhşətli hadisəni eşitdi.

Bütün dünya İraqa, Səddam Hüseynə nifrət etdi. Hamı bu vəhşiliyin cəzalanmasını tələb etdi.

BMT Təhlükəsizlik Şurası İraqa qarşı hərbi əməliyyat keçirilməsi barədə qarar qəbul etdi. Sonrasını bilirsiniz…

Lakin heç kim, heç bir mətbuat orqanı soruşmadı ki, tribunadan çıxış edən həmin qız kimdir!

Sonra məlum oldu ki, həmin qız heç də tibb bacısı deyilmiş və İraqın işğalı vaxtı Küveytdə yox, ABŞ-da olubmuş.

Məlum oldu ki, o, Küveytin ABŞ-dakı səfirinin qızı imiş. Səfir isə Küveyt əmirinin qohumudur.

Məlum oldu ki, qızın danışdığı hadisə ABŞ-ın Hill&Knowlton Strategies piar şirkəti tərəfindən 10 milyon dollara yazılıbmış.

Bütün bunlar Qərb mətbuatı tərəfindən çox sonra “aşkar edildi” və gözlənildiyi kimi, ictimaiyyətdə heç bir rezonans doğurmadı. Düzü, bu haqda indiyədək az adam bilir.

Həmin qızın adı Nayira əl-Sabahdır. Onun atası sonralar Küveytin informasiya naziri və neft naziri oldu.

Bu yalan I İraq müharibəsi (Buş-ata vaxtında) üçün əsas oldu.

Asif ŞƏFƏQQƏTOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights